Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığını, beynəlxalq təhsil proqramlarında iştirakını, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, UNEC dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
Artıq universitetimiz Almaniyanın Ziqen Universiteti (Siegen University), Böyük Britaniyanın Uorvik Universiteti (University of Warwick), İtaliyanın Boloniya Universiteti (University of Bologna), İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (University of Business and International Studies), İspaniyanın Malaqa Universiteti (University of Malaga), Litvanın Mikolas Romeris Universiteti (Mykolas Romeris University), Cənubi Koreyanın Vusonq Universitetinin Solbrij Beynəlxalq Biznes Məktəbi (Solbridge International School of Business, Woosong University), Türkiyənin Qazi, Hacettepe və Sakarya Universitetləri ilə aktiv əməkdaşlıq edir.
Son dövrlərdə Türkiyə Palatalar və Birjalar Birliyinin İqtisadiyyat və Texnologiyalar Universiteti, Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti, Çinin Şanxay Universiteti, Plexanov adına Rusiya İqtisadiyyat Universiteti, Hindistanın Menecment Texnologiyaları İnstitutu, Macarıstanın Dunayvaros Universiteti, Birləşmiş Ərəb Əmirliyindəki Paris Sorbon Universiteti və digər universitetlərlə yeni əməkdaşlıq əlaqələri yaradılmışdır.
UNEC dünyanın qabaqcıl universitetləri ilə ikili diplom proqramlarının yaradılmasına xüsusi əhəmiyyət verir. Bu istiqamətdə atılmış ilk uğurlu addım kimi, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti ilə “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə birgə MBA proqramının yaradılması xüsusi vurğulanmalıdır.
UNEC həmçinin Dünya Bankı, ÜTT, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. UNEC-də “Dünya Bankının İctimai-İnformasiya Mərkəzi” və “ÜTT İstinad Mərkəzi” fəaliyyət göstərir. Universitetimiz UNCTAD-ın Virtual İnstitutunun Azərbaycandan olan yeganə üzvüdür.
Bundan əlavə, UNEC Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU), Avropa Universitetlər Assosiasiyasının (EUA), İslam Dünyası Universitetləri Federasiyasının (FUIW), Qafqaz Universitetlər Birliyinin (CUA) və digər bu kimi beynəlxalq universitet birliklərinin üzvüdür.